“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
susaram dəniz kimi… (Nəbi Xəzri)
Sevgi
Qəribədir,
Hər şeyin yaxşı olduğu bir vaxtda bir ayrılıq mahnısına qulaq asıb ağlamaq istəyi kimi qəribə…
Buludların üstündə uzanıb günəşə göz vurmaq kimi zərif,
Kiçik bir sərçənin qanadları arasına sığınmaq kimi təhlükəsiz,
Qapının zənglinə basmaq üçün barmaqları üstə qalxan balaca bir uşaq kimi ümid dolu,
Avtomobillərin sürətli getdiyi bir yolu gözüyumulu keçmək kimi qorxusuz,
Bir çərpələngin üstündə uçmaq arzusu kimi azad,
Dünyanı xilas etmək istəyi kimi cəsarətli,
Əl -ələ verib uzaqlara qaçmaq arzusu kimi uşaqcasına,
Dəniz kimi sakit,
Bəzən də təbil səsləri kimi çılğın,
…
Əsrlərlə hiss etmədiyim xoş
…bir duyğudur sevgi.
Tək qanadlı boz kəpənəyin yaşaması kimi ədalətsizlikləri,
Çərçivəyə salınmış uşaq gülüşü kimi qəddarlıq dolu kadrları var…
Sevgi
Qəribədir,
Bəzən də elə sevgilisinin hörüklərindən özünü asmaq,
Onu həyatda heç görməsən belə ona şeir yazmaq,
Saatlarla gözlərinə baxıb, qaranlığında əbədi azmaq
… istəyir insan.
Sevgi
Qəribədir
…















